Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Fəxriyyə...


Recommended Posts

Forumçu Sevinc Cəfərovanın (Мама Алишки) razılığı və xeyir-duası ilə onun "Фахрия" hekayəsini Azərbaycan dilinə tərcümə etdim ki, bu kədərli, eyni zamanda nəsihətamiz hekayəni Azərbaycandilli forumçularımız da oxusun, müəllifin duyğularını bölüşsün.

Tərcüməni Sevinc Cəfərovanın mərhum övladı Əli Saqi balamızın əziz ruhuna ithaf edib, hekayəni Azərbaycan dilində hörmətli oxucularımızın diqqətinə çatdırıram. Allah Amanında!

Cavid Abbasov

_____________________________

FƏXRİYYƏ

Bütün qadınlara – onların iradəsinə, müdrikliyinə və məhəbbətinə ithaf olunur...........

Xəstəxana qoxusundan zəhləm getsə də, onu dərindən ciyərlərimə çəkirəm və dəhşətli ağrı hiss edirəm. Mən xəstəxanadayam, amma uzanıb qaldığım otaq palataya bənzəmir. üşüyürəm.

Kiminsə addım səslərini, daha doğrusu, dabanlarının taqqıltısını eşidirəm. Düşünürəm: “Yəqin, döşəmə betondandır!”.

- Görəsən, əməlli-başlı ölmüşəm, yoxsa kliniki ölümdür? Bəs niyə heç nə görmürəm?

Gözlərimi açmaq, kimisə çağırmaq istəyirəm, amma bacarmıram...

- Tsss, - düz qulağımın dibində qadın pıçıltısı eşidirəm, - bir az dözün, indi tibb bacısı gələcək, hər şey yaxşı olacaq!

Sakitləşib gözləyirəm. Yuxuya gedə-gedə öz-özümə düşünürəm: “Yatmaq, yatmaq lazımdır! İndi yuxuya gedəcəyəm, oyananda isə hər şey yaxşı olacaq!”

Bu dəfə mən cığara xışıltısının səsinə oyanıram və təmiz hava hiss edirəm. Düşünürəm: “Yəqin, burada pəncərə var, özü də açıqdır. Xışıltı səsləri isə ağaclardan asılmış cığaralardan gəlir – Bakı üçün bu, adi haldır.”

- Axır ki, özünüzə gəldiniz! – eşitdiyim bu səsdən gözlərimi açıram, amma ilk əvvəl hər şeyi dumanlı görürəm. Sonra başa düşürəm ki, mənimlə danışan həkimlərdir.

- Əgər məni eşidirsinizsə, gözlərinizi yumub açın!.

Həkimin bu sözünə itaətlə əməl edirəm və onlardan birinin “Afərin!” dediyini eşidirəm.

Qalxmağa çalışıram. Amma məni saxlayırlar, “Olmaz!” deyirlər.

- öz adınız yadınızdadırmı?

Gözlərimi yumub dərhal açıram – qorxuram ki, birdən məni başa düşməzlər.

- İndi borucuğu qırtlağınızdan çıxarıb bəzi preparatların ötürülməsini dayandıracağıq – bir az ağrılı olacaq, gərək dözəsiniz.

“Bir az” ifadəsini məni sakitləşdirmək üçün deyirlər. Bədənimdən nəyisə çıxarırlar, ayırırlar, sarıyırlar, iynə vururlar – mən isə qışqıra bilmirəm, nəfəs almaq da ağrı verir. Yalnız yaralı heyvanın nəriltisinə bənzər səs çıxarıram.

- Əclaflar, - deyə düşünürəm. – ağrıdır axı!

Gözümdən yaş süzüldüyünü hiss edirəm.

- Ağrıdır? – deyə həkim soruşur. Deyəsən, nəhayət, üzümün ifadəsindən başa düşür ki, ağrıdan ölürəm. Deyir:

- Allaha şükür! Ağrıdırsa, deməli, sağsan. Yoxsa dörd gündür ki, müqəvva kimi uzanmısan!

Elə bu vaxt mənə aydın olur ki, xışıldayan ağacdakı cığaralar deyil, onların ayaqlarındakı baxillərdir. İndi, müəyyən müddət keçdikdən sonra mən öz-özümə sual verirəm: “Nəyə görə bütün o cismani ağrıları xatırlaya bilmirəm, amma həmin baxillərin xışıltısını yaxşı xatırlayıram, onları haradasa eşidən kimi alnımı soyuq tər basır, kürəyimdə isə kəskin, öldürücü ağrı hiss edirəm – çox dəhşətli hissdir.”

- Adınız nədir? – deyə həkim soruşur.

- Sevincdir, - deyə cavab verirəm.

- İndi neçənci ildir???

- 2008-ci.

- Ailəlisiniz?

- Bəli.

- Uşaqlarınız varmı?

- Uşaqlarım? – sanki qəfildən zehnim aydınlaşır. – Uşaqlarım! Hanı mənim uşaqlarım?

çarpayıdan qalxmağa çalışıram. Mən uşaqlarımın yanında olmalıyam! Məni qaytarıb uzadırlar. Həkim deyir:

- Sakit olun, uşaqlarınız sağ-salamatdır! Onlar sizin artıq özünüzə gəldiyinizi bilirlər. Amma mən sizin də sağ-salamat olduğunuza əmin olmaq üçün bir-iki sual verməliyəm. Neçə yaşınız var?

- 35, - deyə cavab verirəm.

- Barmağımın ucuna baxın, belə, afərin! Nə baş verdiyini xatırlayırsınızmı?

- Moskva prospektində Cip avtomaşını ilə toqquşmuşam. O, qarşı yola çıxmışdı, sonrası isə yadımda deyil.

- Moskva prospektində? – deyə həkim bir də soruşur.

- Bəli.

- Axı o prospektin adını dəyişiblər, əzizim!

- Dəqiq yadımdadır – Heydər Əliyev prospektimdə Cip avtomaşını ilə toqquşmuşam. Məni şil-küt eləmişdi. Sonrasını xatırlamıram. ölən olub? Axı orada piyadalar da var idi.

- Elə yaxşı ki, xatırlamırsan, - həkim sözləri uzada-uzada deyir. – ölən yoxdur. Sən ölə bilərdin, amma görürsən, ölməmisən. Mən isə 50 manat udmuşam. Həmin gün növbə çəkən həkimlər sənin öləcəyini bildirib mərc gəlmişdilər, mən isə ölməyəcəyini bildirmişdim. Gördün, mən deyən oldu! – deyə həkim sözləri yenə də uzadır. – Qolunu uzat görüm!

Mən qoluma iynə sancıldığını hiss edirəm.

- İndi yuxuya gedəcəksən. Səhər mən yenə gələcəyəm, - deyə həkim bildirir.

- İşığı söndürməyin, - deyə mən xahiş etsəm də, ətraf zülmətə bürünür.

- Tsss, - yenə də həmin səsi eşidirəm, - qorxma, tək deyilsən, mən də buradayam. Yat, qorxma.

Yenə də rahatlıq duydum – bu sehrli “tsss” səsi məni sakitləşdirirdi.

- Siz kimsiniz? – deyə mən soruşdum.

- Fəxriyyə.

- Mən isə Sevayam, - deyə mən özümü təqdim etdim.

- Mənimsə adım Məlahətdir, - bunu otağın dərinliklərindən gələn zərif səs dedi.

- üçü bir boyda gəzən gözəllər? – bunu mən dedim.

- Gəzən yox, yatan gözəllər! – bunu Fəxriyyə dedi.

- Yox, üçü bir yerdə yatan xəstələr! – bu isə Məlahətin sözləri idi.

Nə qədər qəribə olsa da, vücudumuz gipsə bürünmüş, özümüz isə cürbəcür aparatlara qoşulmuş halda ucadan gülməyə başladıq. Qəhqəhələrimiz ah-vayla müşayiət olunurdu – iki çatlamış qabırğa ilə gülmək asan məsələ deyil.

Bizim dostluğumuz beləcə başlandı. Bir həftədən sonra bizim üçümüzü də reanimasiya şöbəsindən eyni bir palataya keçirdilər, halbuki, bizlərdən hər birimiz ayrıca birçarpayılıq, lüks dərəcəli palatada yerləşdirilə bilərdik.

Amma nə qədər qəribə olsa da, həmin o bir həftə bizi birləşdirdi. Qızlar məni bacardıqları qədər əyləndirirdilər - söhbət edir, lətifə danışırdılar, çünki mənim vəziyyətim hamıdan pis idi. Qabırğalarım çatlamış, beynim silkələnmiş, qırtlağım zədələnmişdi.

Onların vəziyyəti pisləşəndə isə mən onlara dəstək olmağa çalışırdım.

Gecə təkcə dəhşətli olmur. Gecə uzun-uzadı, bitməz-tükənməz olur. Adamın canı ağrıyanda və heç bir dərman kömək etməyəndə isə gecə acı bağırsaq kimi uzanıb gedir, səhər açılmaq bilmir.

Bu cür uzun-uzadı, bitib-tükənmək bilməyən gecələrin birində Fəxriyyənin halı pisləşdi. Biz dinməz-söyləməz ora-bura şütüyən növbətçi həkimin və tibbi heyətin hərəkətlərinə tamaşa edirdik. Yarım saatdan sonra həkim tibb bacısına nəsə tapşıraraq çıxıb getdi. Otaqda divar saatının tıqqıltısı, pəncərəni döyəcləyən yağış damlalarının səsi eşidilirdi.

- Seva, neyləyək??? – deyə Məlahət məndən soruşdu. Biz onu nəvazişlə “Mila” deyə çağırırdıq.

- Mənim vəziyyətim pis olanda öz-özümə mahnı oxuyuram, - deyə mən cavab verdim.

- İndi təklifin nədir? Biz özümüz üçün mahnı oxuyaq, o da bizə qulaq assın?

- Bəli.

- Düzgün alınmır axı!

Birdən Mila öz incə səsi ilə Azərbaycanın həzin xalq mahnısı “Sarı Gəlin”i oxumağa başladı. Mən də onunla birlikdə oxumağa başladım, amma oxumağım Edvard Radzinskinin səsinə oxşadı – mənim musiqini qavrama qabiliyyətim yoxdur, heç vaxt da olmayıb.

Qəfildən Fəxriyyənin səsini eşitdim: “Seva, sən Allah, oxuma! Bu cür möhtəşəm klassikanı pis günə qoydun!”

Həmin dəqiqənin xoşbəxtliyini yaşayan üç qadının qəhqəhəsi palatanı başına götürdü.

- Fəxriyyə, keçmiş olsun! – deyə Mila dilləndi.

- Fəxriyyə, öpürəm sizi! İstəyirsiniz, sizin üçün bir mahnı da oxuyum? - bunu mən dedim.

- Heç ağlına da gətirmə! – deyə qızlar eyni vaxtda cavab verdilər.

Bizi palataya düşürdükdən sonra vəziyyətimiz yüngülləşməsə də, gecələr daha o qədər də uzun olmurdu.

Nəhayət, mən öz oğlanlarımı gördüm – onlar əsl kişi kimi mərd dayanmışdılar, gözlərindən isə məni necə çox sevdikləri, mənim fikrimi çəkdikləri aydınca oxunurdu. Kiçik oğlum dəqiqəbaşı eynəyini düzəldərək üzündəki maskanı çıxarmağa çalışır, mənə bütün yenilikləri çatdırmaq, öz sevincini mənimlə bölüşmək, hansı dərmanları qəbul etdiyimi, damardaxili iynə vurub-vurmadıqlarını öyrənmək istəyirdi. Sonra o, Fəxriyyənin çarpayısına yaxınlaşıb soruşdu: “Sizə nəyə görə damcısalan qurğunu infuzomatorsuz qoşublar? Belə olmaz – damcılarda gözünüz olsun, yoxsa onlar bir dəqiqənin içində damarınıza axa bilər. Kaşirsk xəstəxanasında belə bir şey başıma gəlib, bilirəm.”

Yaşca onlardan çox-çox böyük olan Mila onların dərhal xoşuna gəldi – başqa cür ola da bilməzdi: bu cür geniş ürəkli, təmiz qəlbli insanı sevməmək mümkün deyildi. Bu müddət ərzində ona xeyirxah şahzadə kimi baxırdılar və o, sonradan, tale ulduzu kimi, onların uşaq həyatnın başlanğıcında böyük rol oynamışdı. Böyük oğlum özünü çox ağır aparırdı. Yalnız bir dəfə, öz kiçik yanağını bir neçə saniyəlik mənim üzümə söykəyib, yaşla dolmuş gözlərini gizlətdi. “Balaca kişi” adlandırdığım kiçik oğlum isə soruşurdu: “Ana, bura necədir?” öz sualına özü də cavab verirdi. “Pisdir, bilirəm, ana, amma dözmək lazımdır, başa düşürsənmi, belə bir söz var: lazımdır!” Mənim balam bir müddət əvvəl ona öyrətdiklərimi indi mənə öyrədirdi.

Onlar qızlara da şokolad gətirmişdilər, qayıdanda isə hərəsinin əlində şirniyyat dolu zənbil var idi. Bu zənbilləri onlar üçün qızlar yığmışdılar. “Aparın, yeyin, - deyirdilər – bizim uşaqlarımız artıq bığ buraxıb, onlara şokolad düşmür. Gələn dəfə gələndə sizin üçün yenə yığarıq”. Qızlarla rəsmi şəkildə salamlaşmış oğlanlarım cəmi bir saatdan sonra onlarla qucaqlaşaraq vidalaşır, “yastığınız yüngül olsun” deyirdilər.

Qızlar isə mənim kiçik oğluma tezliklə sağalmağı arzulayaraq deyirdilər: "Sən çox gözəl oğlansan, özün də həkim kimi maskada gəzirsən. Hər gün gəl, bizi müalicə elə – sən olan yerdə həkimləri neynirik?”

Böyük oğlum mənə deyirdi: "Fikir eləmə, biz yaxşıyıq, dərmanlarını vaxtlı-vaxtında içir. Hər şey yaxşıdır, ana, çox şükür ki, sən özün sağ-salamatsan!”

Axşam Milanın oğulları bizə qonaq gəldilər. Bu gənc, gözəl oğlanlar analarını dünyalar qədər sevirdilər. Onlar səslərini qısaraq danışır, analarının əlindən tutub buraxmırdılar. Milanın gözlərində sahilsiz dərya əks olunmuşdu – bu, övladlarına sonsuz məhəbbət dəryası idi. Əgər mən Məlahəti – Milanı tanımasaydım, bu oğlanların onun övladları olduğuna dünyasında inanmazdım. Mila kübar qadın idi – ağıllı, gözəl, işvəkar, müdrik, insan qəlblərinin bilicisi, sadə dillə desək, psixoloq idi. Mən onu “Mauqli” cizgi filiminin qəhrəmanı – bəbir Bagira ilə eyniləşdirirdim. O, ömrünün gənclik çağlarını yaşıyan, 30 yaşlı qadına bənzəyirdi. Onun oğullarını onun övladı yox, kiçik qardaşları adlandırmaq olardı. Uşaqlar bizə tezliklə sağalmağı arzulayaraq sabah da gələcəklərinə söz verdilər. Dostlarımız, qohumlarımız bizə baş çəkəndə günlər sürətlə ötüb keçirdi. Axşamlar, havalar sərinləşəndə biz yarıuzanmış halda çay içir, ordan-burdan söhbət edirdik – necə deyərlər, Leyli-Məcnundan başlayıb, Əsli-Kərəmlə qurtarırdıq. özüm qadın ola-ola bir məsələyə həmişə təəccüblənmişəm: qadınlar qısa vaxt ərzində çoxsaylı məsələləri müzakirə edir, amma hər dəfə sonsuz sayda məsələlər hələ də müzakirə olunmamış, çözülməmiş, sahmana salınmamış qalır.

Mən öz palata yoldaşlarımla, yaxud Milanın təbirincə desək, sınıq və əzik yoldaşlarımla ünsiyyətdən həzz alırdım.

Fəxriyyə sakit, ciddi, təmkinli qadın idi, amma bəzən onun gözlərində böyük kədər, qəlb yanğısı duyulurdu. Həmin vaxtlarda o sanki mövcud zamandan, həyatın axarından ayrı düşürdü. Yalnız mən və ya Mila növbə ilə onu səslədikdən sonra diksinir və gülümsəyərək deyirdi: "Eh, qızlar, yenə də düşüncələrim məni çəkib keçmişə apardı".

Həyat çox qəribədir – ölümün bir addımlığında ikən yaşamaq uğrunda mübarizə aparırsan, sağalmağa başlayanda isə pis anları unudub gələcək üçün planlar qurmağa başlayırsan. Biz – bir-birimizə yad, bu vaxtadək bir-biri ilə tanış olmayan qadınlar bərk dostlaşaraq artıq birlikdə teatra, restorana getmək, uşaqlarımızla birlikdə bağda dincəlmək, ocaq qalayaraq mürəbbəli-peçenyeli çay içmək haqqında planlar qururduq. Bizi bu xəyallardan ayıran tibb bacısı Fəxriyyənin ailəsinin ona dəyməyə gəldiyini bildirdi.

- Nəhayət ki, sənin yoldaşını, oğlunu, qızlarını görəcəyik, - deyə mən əlimdəki yaşıl almanı xırçıldatdım. – Yoxsa “yoldaşım, uşaqlarım” deyə-deyə bizi cana yığmışdın.

- Seva, - deyə Mila pıçıltı ilə məni çağıraraq yumruq göstərdi. Mən dilimi saxlaya bilməyəndə o həmişə belə edir. Mən gözlərimi çəpləşdirərək ona dil göstərdim. Buna cavab olaraq o, səlis səslə pıçıldadı:

- Bəsdir gözlərini süzdürdün! Dilini saxla – o, bir aydan çoxdur ki, öz ailəsini görmür. Onlar ölkədə yox idilər, bu gün gəliblər.

Palataya suyuşirin bir kişi, 16-17 yaşlarında bir oğlan və 9-10 yaşlarında iki qız uşağı daxil oldu.

Fəxriyyə, gözlərindən yaş süzülə-süzülə, əvvəlcə oğlunu qucaqladı. Oğlanın da gözləri dolmuşdu. “Ana, anacan” deyə-deyə anasının yaşla dolu gözlərindən, əllərindən öpürdü. Qəfildən o, kəskin hərəkətlə arxaya çəkilib mənim çarpayımın yanındakı pəncərənin qarşısında dayandı.

Qızcığazlar da analarını qucaqlayıb bir-birinin sözünü kəsə-kəsə bildirirdilər ki, Gövhər iki fəndən 5, Südabə isə üç fəndən 5, iki fəndən isə 4 alıb. Anaları təbəssümlə onlara qulaq asır, gah birinin, gah da o birinin saçlarını tumarlayırdı.

- Hə, əziz balalar, gəlin tanış olaq! – deyə mən ucadan səsləndim. Milaya tərəf baxmırdım, çünki bilirdim ki, onların bu nəvaziş dolu görüşünə müdaxilə etməyim Milanın xoşuna gəlməyəcək.

Mən isə bunu adi maraq xatirinə etməmişdim – məqsədim o idi ki, əlində iri qızılgül dəstəsi tutaraq palatanın ortasında dayanmış kişi, nəhayət ki, bu gülləri öz həyat yoldaşına verə bilsin.

Məqsədim o idi ki, Fəxriyyə, nəhayət, saatlarla haqqında danışdığı insanı bağrına basa bilsin. Uzun-uzadı, bitib-tükənmək bilməyən, ağrılı gecələrdən birində onun söylədiyi bir ifadə mənə çox təsir etmişdi: “Qızlar, o, mənim ömür dostumdur, mənim dünyamdır, qəlbimin ahəngidir!” O, bu sözləri deyib hönkürmüşdü. Mən həmin vaxt ona nəsə deyib sakitləşdirmək istəmişdim, amma Mila barmağını dodaqlarına dayayaraq bildirmişdi ki, yaxşısı budur, susaq, qoy doyunca ağlasın.

Qızcığazlar çarpayıma yaxınlaşaraq yalnız uşaqlara və quşlara xas olan maraq dolu nəzərlərini mənə zillədilər. Mən onlara dil göstərdim, hər ikisi güldü.

- Adınız nədir? Zita və Gita deyil ki? – deyə mən soruşdum.

- Yox, mənim adım Südabədir.

- Mənimki isə Gövhər!

- Sizin necə gözəl adlarınız var! İndi bu adlara çox nadir hallarda rast gəlinir, amma çox gözəl, mənalı adlardır!

Qızcığazlardan biri əlində bükülü kağızlar tutmuşdu.

- Əlindəki nədir, xanım qız? – deyə mən soruşdum.

- Rəsmlərimizdir, - deyə qızlardan daha dilli-dilavər olanı cavab verdi.

- Bax, burada mən Anamı çəkmişəm, bu isə bizim evimiz, yelləncəyimizdir. Əmir də yelləncəkdə yellənir.

- Əmir kimdir?

- Əmir mənəm, - deyə oğlan əlini mənə uzadaraq gülümsündü. O, daha ağlamırdı. “Allaha şükür!”, mən düşündüm.

- Oxşayır? – deyə o, şəkli göstərərək məndən soruşdu.

- “Oxşayır” da sözdür! – deyə mən cavab verdim, - elə bil bir almasınız, yarı bölüblər.

Biz güldük – şəkildəki oğlan insandan çox kaktusa bənzəyirdi.

- Mənim adım Sevincdir, - deyə mən özümü təqdim etdim. – Mənim qabırğalarım çatlayıb, iki- üç tikiş qoyulub, beynim silkələnib – bir sözlə, əsrimizin qəhrəmanı mənəm.

- çox şadıq, - deyə qızcığazlar birlikdə cavab verərək əllərini növbə ilə mənə uzatdılar. – Şadıq ki, sağ qalmısınız. Bəxtiniz gətirib.

- Mən də belə düşünürəm, - deyə mən gülümsündüm. – xəstəxanadan çıxan kimi özümə dəbilqə və zirehli jilet alacağam.

- Ondansa birdəfəlik tank alın, – deyə Əmir güldü.

- Uşaqlar, siz mənim çox xoşuma gəldiniz, əla uşaqlarsınız! Əmir, sən də, siz də, gözəl qızlar, mənim oğullarımla tanış olmalısınız. Əminəm ki, dostlaşacaqsınız.

- İnşallah, - oğlan dedi.

- İndi isə hamınız o gözəl qızın yanına gedib onunla tanış olun. Onun adı Mila xaladır, sizi görməyinə çox şad olacaq. – deyə mən qəhqəhə çəkdim. Milanın kitabı qatlayıb kənara qoymağından başa düşdüm ki, bütün deyilənləri eşidib.

Bir-iki dəqiqədən sonra o artıq üzündə təbəssüm uşaqlara nə isə danışır, uşaqlar isə nəfəsini dərmədən ona qulaq asır, ona bir sehrbaz, bir məlaikə kimi baxırdılar.

Mən insanın öz xeyirxah qəlbi, müdrikliyi və həyat eşqi ilə başqalarını heyran etmək bacarığına daim rəğbət bəsləmişəm.

Fəxriyyə sevimli həyat yoldaşının yanında əyləşmişdi, onun əlindən tutub səsini qısaraq nə isə deyirdi.

Mən isə uzanıb düşünürdüm: "İlahi! Necə də bəxtəvərdir! Pəhləvan kimi oğlu, çiçək kimi iki qızı, gözəl əri var!"

Amma qəlbimin dərinliklərində bir fikir məni didib-tökürdü: “Axı niyə belə? Əgər o bu qədər bəxtəvərdirsə, gözlərindəki bu qəm-kədər, ağrı-acı haradandır? Qəribədir!”, - deyə mən düşünürdüm. “Miladan soruşmaq lazımdır, onlar bu xəstəxanada hələ mən gəlməmişdən əvvəl tanış olublar.”

Fəxriyyənin ailəsi artıq getməyə hazırlaşırdı. Onun əri yaxşı adam idi – bildirdi ki, indi uşaqları evə aparıb, qızları dayəyə tapşıracaq, özü ilə oğlu ilə birlikdə qayıdaraq Fəxriyyəyə bəzi şeylər gətirəcək.

- Seva xanım, Mila xanım, sizə bir şey lazımdırmi? Nə gətirim?

- çox sağ ol, Murad, - Mila dedi. – heç nə lazım deyil.

O, mənə baxanda ona iki barmağımı göstərərək pıçıldadım ki, imkan varsa, mənə iki təzə qabırğa gətirin. O, başa düşmədi:

- İki təzə vedrə?

- İki vedrə yox, üç vedrə, - deyə mən cavab verərək Milanı göstərdim. – üçüncü vedrəni ona verərsiniz, sabah palatamızda yır-yığış etmək istəyirik. – mən bu sözləri ciddi səslə dedim.

Mən zarafatla onun iki qabırğa gətirməsini xahiş etsəm də, Fəxriyyə ilə Milanın qəhqəhəli gülüşü olmasa idi, yəqin ki o, gələndə həqiqətən də vedrə gətirəcəkdi.

O dayanıb gülümsünürdü. Fəxriyyə dedi ki, biz burda zarafatlaşaraq, deyib-gülərək bir-birimizin əhvalımızı yüksəldirik.

- Bəli, görürəm, - Murad cavab verdi.

Onlar gedəndən sona Mila mənim üstümə düşdü:

- Seva, bu nədir belə? Yazığı niyə utandırırsan?

- Mən heç kimi utandırıb-eləmirəm! O özü utancaqdır, mən neyləyim?

- Yaxşı, qızlar, siz adamı gülməkdən öldürərsiniz! Mənə plov gətiriblər, gəlin yeyək!

- Məndə isə yarpaq dolması var! – Mila dedi.

- Mənimsə heç nəyim yoxdur, mən harada aş, orada başam, - deyə mən masanın üzərinə fincanımı və bir boşqab xaş qoydum.

Bu gözəl Azərbaycan xörəyini məni müalicə edən həkimr məsləhət görmüşdü ki, qabırğalarımdakı çatlar tez sağalsın. Buna görə də, mənim yaralarıma və sınıqlarıma biganə qalmayan hər bir kəs mənə səhər tezdən xaş gətirirdi. Bir həftədən sonra mən palatanın qapısından belə bir elan vurdum: “Xaş gətirəni belə-belə olsun!” Elə belə də yazım: “belə-belə olsun!” Daha xaş gətirmirdilər, amma gətirilmişləri də yeyib qurtarmaq lazım idi, biz də yeyirdik.

- Fəxriyyə, sən xoşbəxtsənmi? – deyə mən soruşdum.

- Əlbəttə, xoşbəxtəm! – deyə o gülümsündü.

- Mila, bəs sən?

- Mən?

- Burada səndən başqa da Mila var? – deyə mən üz-gözümü turşutdum.

- Mən lap xoşbəxtlərin xoşbəxtiyəm! – deyə Mila əyləşdiyimiz masanı döyəcləyərək cavab verdi.

- Axı nədir bu xoşbəxtlik? Onu nə ilə yeyirlər? – deyə mən dolmanı içəri ötürərək soruşdum.

- Xoşbəxtlik – başımızın üzərində mavi səmadır, sağlam uşaqlarımızdır, sevimli həyat yoldaşlarımızdır, sevib-sevildiyini anlamaqdır, həyatda boş-boşuna yaşamadığını başa düşməkdir, - deyə Fəxriyyə cavab verdi.

- Xoşbəxtlik – sevinc və kədərlə, qələbə və məğlubiyyətlərlə əlamətdar olan bir həyat yaşamaqdır. Xoşbəxtlik sonsuz olmur, anlarla, saniyələrlə baş verir. Sevdiyin insanla bir yastığa baş qoymaq, həmin insandan dünyaya övlad gətirmək, bu körpənin ağzını marçıldada-marçıldada süd içib, sonra elə qucağındaca yuxuya getdiyinə tamaşa etmək də bir xoşbəxtlikdir. Onun göz yaşlarını silmək, bələyini dəyişmək, ərini gözləmək, işləyib özünü sübut etmək, lap elə həyatımızın özü – xoşbəxtliklə dolu anlar, saniyələrdir. – deyə Mila xaşı iyləyərək boşqabı kənara itələdi. – üffff, ay qızlar, bunu necə yeyirsiniz?

- Dinməz-söyləməz yeyirik! – deyə mən xaş dolu qaşığı ağzıma qoydum. – Yaxşı, mən səninlə də, Fəxriyyə ilə də razıyam. Bəs onda nəyə görə “xoşbəxtəm” deyən insanın gözlərində kədər, qəm-qüssə olur? İnsan özü gülür, gözləri isə qəmlidir – nəyə görə?

- Bilmirəm! – deyə Fəxriyyə tez cavab verərək süfrəni yığışdırmağa, Mila isə ona kömək etməyə başladı. Fəxriyyə soyuducuya yaxınlaşıb arxası bizə tərəf dayananda, Mila barmağı ilə mənim alnıma yüngülcə döyəcləyərək pıçıldadı:

- Nə danışırsan, ay balqabaq?

- Bütün gecəni yatağında hönkür-hönkür ağlayıb! – mən dedim. – Yəqin, nəsə dərdi var. Bəlkə, biz bir köməklik edə bilərik?

Həmin axşam palatamıza qeyri-adi sakitlik çökmüşdü. Mila kitab oxuyurdu, daha doğrusu, özünü elə göstərirdi ki, guya kitab oxuyur, çünki bu qədər uzun-uzadı gözünü kitaba zilləyib oxunmuş səhifəni çevirməmək mümkün deyildi.

Mən yarımuzanmış halda şəkil çəkirdim. Əhvalım pis olanda karandaşın ucu da qırılır.

- Cəhənnəm olsun! – deyə mən şəkil çəkdiyim kağızı bürmələyərək dolabçanın üstünə atdım. – Heç nə alınmır!

- Bəd-bəd danışma! – deyə Mila üstümə çımxırdı. – Alınmır, təzədən başla, yeni vərəqdən!

Mən isə özüm-özümü danlayırdım: başqalasının kədərinin, qəmli gözlərinin, yataqda tökdüyü göz yaşlarının mənə nə dəxli var? Kiməm axı mən? öz qayğılarım başımdan aşır, xəstəxanaya düşmüşəm, indi də mənim atmacalarımın üzündən aramızdan sanki qara pışık keçib.

Təkcə müdrik Mila gərginliyi aradan qaldırmaq üçün nəsə danışır. Yox, hamısı mənim sonsuz marağımın və sözü üzə demək ehtirasımın ucbatından oldu.

- Fəxriyyə, bir mahnı oxu! – Mila dedi.

- Mən oxumağı bacarmıram, elə uşaqlıqdan səsim olmayıb.

- Elə buna görə də oxu, həqiqətən, oxu!

- Oxumayacağam! Məzhəkə də qurtardı, oyunbazlar da çıxıb getdi! Tamaşa olmayacaq! Başa düşün, mənim üçün ağırdır, elə bil qəlbimdən daş asılıb! – deyə Fəxriyyə göz yaşları içində dilləndi.

Mən öz telefonumda Alleqrovanın ifa etdiyi “Buludları əllərimlə qovaram” mahsınını tapıb, dinamiki qoşaraq mahnıya qulaq asmağa başladım. Qaş düzəldən yerdə vurub göz çıxarmışdım – Fəxriyyəyə kömək etmək istəyərkən, onun yarasının qaysağını qoparmışdım.

- Yağış yağır, - deyə Mila bildirdi.

- Rəhmətlik nənəm deyərdi ki, yağış Tanrının göz yaşlarıdır. Tanrı öz göz yaşları ilə insanların qəlbini təmizləyir, bütün canlı varlıqları paklaşdırır. – mən dedim.

- Təmizləyir, paklaşdırır, - deyə Mila cavab verdi. Əgər insan qəlbi ona – Tanrıya doğru can atırsa, Tanrı yolunu tutursa, hətta ən səmimi etirafların yolu da çətinliklərlə, əzabla dolu olur.

-Fəxriyyə, bağışla məni! Mən sənin xətrinə dəymək istəmirdim! özümdən bilirəm ki, bəzən dərdi ürəkdə saxlayıb, günü-gündən şam kimi ərimək əvəzinə, həmin dərdi açıb başqasına danışmaq lazımdır. Bir il bundan əvvəl mən az qala boynumu kəndirə keçirmişdim. Məni bu dərddən qurtaran nə psixoloqlar, nə də dostlarım oldu – bədbəxtlik baş verməzdən bir-iki dəqiqə əvvəl oğlum yanıma qaçaraq mənə qartopu göstərdi. Bundan sonra mən bütün gecəni Moskvada, qürbət yerdə, vanna otağında hönkür-hönkür ağlamaqla keçirdim. Məni xilas edən insanları mən şəxsən tanımasam da, İnternet vasitəsi ilə onlarla söhbətləşirdim – bu sadə Azərbaycan qadınları, qızları mənim şəxsi poçtuma məktublar yazır, mənə uzaqdan-uzağa təsəlli verirdilər. Buna görə də mən təslim olmadım, mənim üçün dəyərli olan bir insanın həyatı uğrunda mübarizə aparmaqda davam edirəm. Mən düşündüm ki, əgər sən dərdini açıb danışsan, hər gecə qışqırıb göz yaşı içində oyanmağının və səhərə qədər yatağında hönkürməyinin səbəbini anlatsan, yüngülləşərsən. Fəxriyyə, bir olan Allah şahiddir ki, mən nə sənin, nə də Milanın xətrinə dəymək istəmirdim. Qəlbimin dərinliklərində mən Allaha minnətdaram ki, tale məni sizlərlə görüşdürüb. Lap qoy bu cür şəraitdə - deyə mən yaşla dolu gözlərimi palatada gəzdirdim, - amma yenə minnətdaram. Ayağa qalxa bilmədiyim vaxtlarda mənə su verdiyinizə görə minnətdaram! ölüm ayağında olarkən əlimdən tutduğunuza görə minnətdaram! Amma bir olan Allah şahiddir ki, mən sənə yalnız kömək etmək istəyirdim.

Mila mənı yaxınlaşaraq çarpayıda əyləşib kağız dəsmalı mənə uzatdı.

- Mən həmişə düşünürdüm ki, - deyə Fəxriyyə öz əhvalatını danışmağa başladı. – müharibə yalnız filmlərdə olur.

- Hansı müharibə? – deyə mən soruşdum.

- Qarabağ? – deyə Mila acı-acı dilləndi.

- Bəli, Qarabağ müharibəsi, - deyə Fəxriyyə göz yaşları içində cavab verdi. – Biz sonadək ümid edirdik ki, bizi güc yolu ilə öz torpaqlarımızdan qovmağa cürət etməzlər. Biz ermənilərlə hər zaman dostluq etmişik, heç bir narazılığımız da olmayıb.

Atamla anam müəllim idilər, qardaşlarım isə sürücü işləyirdilər. Məndən iki yaş kiçik olan bacım anadangəlmə əlil idi, yeriyə bilmirdi, pis eşidirdi. Onun rəngli saplarla hörülmüş, zınqırovlu əlil arabası vardı. Arabaya zınqırov vurmağı anam fikirləşmişdi – bacım çox sevdiyi bağımızın ən ucqar yerində olduqda belə, zınqırovun səsindən onu tapmaq asan olurdu. Bağın kiçik bir sahəsində o, bizim köməyimizlə gül-çiçək əkirdi. Bu əlvan arabaya, zınqırova, gəlbinin gözəlliyinə və xeyirxahlığına görə biz də, başqaları da onu “göy qurşağı” adlandırırdıq, - Fəxriyyənin göz yaşları sel kimi axırdı.

- Mila, - deyə mən hönkürərək dilləndim, - susdur onu, görmürsən, əzab çəkir, qoy danışmasın!

Mən özüm də uşaq kimi hönkürürdüm. Milanın gözəl gözləri dolmuşdu. “Fəxriyyə, danış, əzizim!” deyib, mənim yanımda əyləşərək əlimi ovcuna aldı.

- Qonşuluqda yaşayan erməni qadın göz yaşları içində bizə gələrək bildirdi ki, ayın 25-dən 26-na keçən gecə azərbaycanlıları qıracaqlar. Atam bizim gizlənməyimizi istəsə də, qardaşlarım razılaşmadılar. Anam dedi ki, buna cürət etməzlər və biz heç yerdə gizlənən deyilik. Kişilər mərkəzə getdilər.

Anam mənə pul, Quran və təsbeh verib, Anaitgilə gedərək onlarda gizlənməyimi tapşırdı.

Anait getmək istəmirdi – anama yalvarırdı ki, Südabəni götürüb onlara getsin. Deyirdi ki, özbaşınalıq edən ermənilər buralı deyil, onlar heç özlərinkinə də rəhm eləmirlər, azərbaycanlıları öz evlərində gizləyən erməni gördükdə isə onları dərhal güllələyirlər.

Nə anam, nə də bacım bununla razılaşmadı – bildirdilər ki, əlil qıza toxunmağa heç kim cürət etməz, oğullarını tək buraxmaq fikri də yoxdur. “Sən get, – dedi. – biz sonra gələrik. Atanla qardaşların gəlsin, gələrik. Anait dedi: “Meşə tərəfdən gəlin – gözləyəcəyik!".

Mən yola düşəndə anam arxamca su atıb onlar gələnə qədər məni gizləməyi Anaitdən xahiş etdi. Həmin an anamı, bacımı qucaqlayıb öpmədiyimi indiyə qədər özümə bağışlaya bilmirəm.

Məni şərab çəlləkləri ilə dolu zirzəmidə gizlətdilər. Bir saatdan sonra qapı açıldı. Düşündüm ki, bizimkilərdir. Amma gələn Anaitin oğlu Qurgen idi. O, yorğan-döşək gətirib bildirdi ki, gecəni burada qalmalı olacağam, bir-iki gündən sonra isə gecə ikən məni meşə ilə yola salacaqlar və mən çayları, dağları aşmalı olacağam.

- Qurgen, bəs bizimkilər haradadır?

- Fəxriyyə, sizinkilər vertolyotla Bakıya uçdular, - deyə o, kəskin səslə cavab verdi. – Səni Bakıda gözləyəcəklər.

Bunu deyib, mənə sakit oturub səs-küy salmamağı tapşıraraq çıxıb getdi. Mən doğmalarımın sağ-salamat çıxıb getdiyinə görə Allaha dua edə-edə yuxuya getdim.

Səhər Anait gəlib çıxdı. Ağlamaqdan onun gözləri qızarmışdı. Məni qucaqlayıb təmiz Azərbaycan dilində pıçıldadı:

- Qızım mənim, əziz balam, nə yaxşı ki, səni gizlətdim. Müharibə dəhşətdir, Fəxriyyə, böyük dəhşətdir!

- Anait xala, bəs anam gedəndə mənə heç nə çatdırmadı? – deyə mən soruşdum.

- Hara gedəndə? – deyə o, ağlaya-ağlaya mənim sifətimi ovucları arasına aldı.

- Bakıya! – deyə mən cavab verdim. – Qurgen dedi ki, vertolyot onları Bakıya aparıb.

Anait məni öpüb bağrına basaraq göz yaşları içində pıçıldadı:

- Hamının ailəsi çıxıb gedib – Hüseynin də, İbrahimin də, Əlinin də, Tahirin də, Vaqifin də, Qəhrəmanın da. Burada kim qalmışdısa, dünən ailələri ilə birlikdə uçub getdilər. Anan dedi ki, narahat olmayasan. Onlar səni Bakıda gözləyəcəklər. Biz səni də, Minanı da sabah meşə ilə, dağlarla ötürüb özününkülərin yanına yola salacağıq. Onları gözlənilmədən əvvəlcə yük maşınlarına, sonra isə vertolyota yüklədilər, ona görə də nə səni, nə də Minanı apara bilmədilər. Biz sizi sabah yola salacağıq.

- Bəs Mina haradadır? – deyə mən soruşdum.

- Mina da Janna Dumanyangilin zirzəmisindədir. Ye, balam mənim, sənə çörək, qatıq, bişmiş ət, göy-göyərti, termosda çay gətirmişəm. Amma səsini çıxarma, nə olur olsun, səsini çıxarma! – deyə o məni qucaqladı, sonra çıxıb getdi.

Mən isə oturub fikirləşirdim: "Mina xala burdadır, deməli, mən tək olmayacağam, bizimkilər, yəqin ki, artıq Bakıdadır. Orada nə qohumlarımız, nə də dostlarımız var – bəs hara gedəcəklər? Pulların hamısı məndədir, yəqin, qızıl əşyalarını satarlar."

Amma fikrimin dərinliklərində düşünürdüm: axı bunları necə çıxarıb aparıblar ki, qardaşlarım, atam-anam mənsiz gediblər? Sonra isə özüm-özümü sakitləşdirirdim ki, axı Südabə əlil arabasındadır, yəqin onunla əlləşənə qədər çatdıra bilməyib, çıxıb gediblər. Bu gün gecə mən də gedirəm, birtəhər bizimkilərə çatıb, oradan da Bakıya gedərik.

Gündüz Anaitin böyük oğıu Armen gəlib çıxdı. O, mənim qardaşım Səfərlə bir məktəbdə oxumuş, bir institutda təhsil almışdılar, sonra isə bir yerdə işləmişdilər.

- Al, Fəxriyyə, ye, anam göndərib. Səsini çıxarma, yaxşımı? Sakit otur, ətraf əsgərlərlə doludur.

Mən aradan neçə gün vaxt keçdiyini bilmədim. Birdən qapı açıldı və zirzəmiyə Anait, onun əri Aram, oğulları və qızı Arevik daxil oldu. Arevik mənim yanıma qaçaraq məni qucaqlayıb ağlamağa başladı.

- Fəxriyyə, Fəxriyyə, sakit olun, niyə ağlaşırsınız? – deyə Armen bizi sakitləşdirməyə başladı. – Fəxriyyə, indi bacımla qardaşım səni ötürəcəklər, indi Minanı da dərəyə gətirəcəklər, qalx geyin, burada Arevikin isti paltarları var. Yemək də üç günlükdür, bu bıçağı da götür - deyə böyük ov bıçağını mənə uzatdı – lazım olar.

- Bıçağı neynirəm?

- Götür, qızım, götür, - Aram dedi, - yolda lazım olar.

Mən iri yun kişi köynəyini geymək istəmirdim, amma Anait məni məcbur elədi:

- Ay qız, bayırdakı soyuqdan xəbərin var? Hər yeri, lap insanların qəlbini də buz bağlayıb! Geyin, isti olar, çıxarıb tullayarsan. Get, Fəxriyyə, Allah amanında! Mən anana verdiyim vədi yerinə yetirdim, səni qorudum! Biz sənin ananla bütün ömrü boyu bir yaşamışıq, sizi dünyaya gətirib böyütmüşük, sənin ata-anan uşaqlara insan olmağı, xeyirxahlığı öyrədiblər. Lənətə gəlsin bu müharibəni də, bu torpağı da! – deyib, məni bağrına basdı, sonra isə əlini kömür torbasına salaraq mənim üz-gözümə sürtdü: - Bax, belə daha yaxşıdır, belə lazımdır.

Kənarda durub göz yaşı tökən Aram dedi:

- Qızım, özünüzünkülərin yanına çatan kimi bizə bir yolla xəbər elə. özünü qoru, səni Bakıda ailən gözləyir, sən onlara qovuşmalısan, eşidirsən?

Biz arxa küçədən çıxıb meşəyə üz tutduq. Ətrafda itlər zingildəyirdi. Zirzəmidən sonra başım gicəllənirdi. Təmiz havanı ciyərlərimə çəkib ətrafa boylandım. Evimiz gözümə sataşdı. Dayandım. Südabənin otağına açılan pəncərədən nöyüt lampasının solğun işığı gəlirdi – artıq bir ay idi ki, işığımız yox idi. Arxa həyətin doqqazı yanır, cırıltı ilə küləkdən yellənirdi.

- Heç ağlına da gətirmə, - deyə Armen pıçıldadı. – Burada hər yarım saatdan bir patrul keçir.

Amma mən sanki qanad açıb ata evinə doğru uçurdum. Qaçır, yıxılır, ayağa qalxıb yenidən qaçırdım. İlk gözümə dəyən, həyətin sonunda, kömür və odun saxladığımız yerdə, bütünlüklə həyət meydançasını işıqlandıran çıraq oldu. İplərlə sarınmış əlil arabasının yanında bacımın meyidi başı yarılmış, ovcunda zınqırovu sıxmış halda uzanmışdı. Ondan bir qədər aralıda anamı – yüzlərlə uşağa təlim-tərbiyə vermiş, öz övladlarını böyütmüş, mənim səcdəgahım olan Anamı boğazı kəsilmiş, əli-qolu bağlı, saçları dağılmış gördüm. Qardaşım Səfər ağacın yanında uzanmışdı. Sifətində sağ-islahat yox idi, sifətinin yerində qanlı kütlə vardı. Kiçik qardaşım, ailənin, bacılarının sevimlisi Əmir kandarda qanın içində, yanında isə atam köynəksiz uzanmış, boğazına paya sancılmışdı.

Mən əzizlərimin birindən digərinə sarı qaçır, dəryadan sahilə atılmış balıq kimi ağzımı açıb hava udmağa çalışırdım. Daxilimdə fəryadım bağrımı çatladır, amma heç cür qəlbimdən qopub çıxa bilmirdi. Qışqırmaq istəyəndə Armen məni arxadan tutub ovcu ilə ağzımı qapadı, digər əli ilə məni sinəsinə sıxıb gözlərimi yumdu. Qurgen isə anamın, bacımın başı üzərində dayanıb hönkürən Arevikin çiyinlərindən tutub həyətdən çıxarmağa çalışdı.

- Armen, anam, mənim anam, bacım, qardaşlarım, atam, mənim atam! Axı niyə? Armen, burax məni, burax! – mən onun ovcuna qışqırır, qıvrılaraq onun güclü, kobud, maşın yağı və benzin qoxuyan qollarından sıyrılıb çıxmağa çalışırdım. Mənim qardaşlarımın əlləri də bu cür qoxuyurdu.

- Sakit ol, ağılsız, sus, səni öldürə bilərlər, eşidirsən? – deyə o, mənim qulağıma pıçıldayırdı.- Ağılsızlar, axı niyə sizə qoşuldum? İndi sənə görə mənim ailəmi də güllələyərlər, yalvarıram, sus!

Mən yumaq kimi büzülüb susdum. O, məni özünə tərəf çevirib gözlərimin içinə baxaraq dedi:

- Fəxriyyə, bizi bədbəxt eləmə, anama yazığın gəlsin! Qışqırma! Əlimi buraxsan, qışqırmazsan ki?

- Qışqırmaram, - deyə mən pıçıldadım. – Burax, qışqırmaram.

Arevik mənim yanıma qaçdı. Mən diz üstə əyləşərək yumruqlarımı çeynəyirdim. Sonra anamın ayaqlarını öpməyə, qollarındakı ipləri kəsməyə, dağılmış saçlarını yığmağa başladım. Onun boynundakı yaraya, qəribə şəkildə əyilmiş ayağına baxmamağa çalışırdım.

- Yaylıq ver, - deyə mən üzümü Arevikə tutdum. O, boynundan şarfını çıxarıb mənə uzatdı. Mən şarfı anamın başına bağlayıb sərt şəkildə dedim:

- Onları dəfn etməyincə, mən heç yerə getməyəcəyəm. özümü elə buradaca öldürəcəyəm, ya da siz məni öldürün. Amma mən heç yerə getməyəcəyəm.

- Sən nə danışırsan, Axçi, biz ona görə həyatımızı təhlükəyə atıb səni gizlətmişdik ki, indi öldürək?! Sən ki bizə bacı kimisən! – deyə Armen ağladı.

Qəflətən maşın səsi eşidildi. Armen məni bağın dərinliyinə dartdı:

- Səsini çıxartma! Valideynlərimi bədbəxt eləmə, bunu bizə bağılamazlar!

Mən susdum, oturub iki əlimlə ağzımı qapadım.

Hərbi formalı bir neçə şəxs bizə yaxınlaşıb ermənicə soruşdular:

- Siz kimsiniz? Burada nə edirsiniz? – deyib, aftomatı bizə tərəf tuşladılar.

- Biz erməniyik, - deyə Qurgen erməni dilində qışqırdı. – Atəş açmayın!

- Biz də ermənilərik, dəstəmiz “Arabo” adlanır. Siz hələ bizim haqqımızda eşidəcəksiniz, bizimlə fəxr edəcəksiniz! – deyə o, qəhqəhə çəkdi.

- Ara, avtomatları endirin, biz erməniyik! – deyə Armen gülümsündü. – Bu həyəti bu türk it uşağından təmizləməyə gəlmişik. Bizim qonşularımız idilər, indi gəbəriblər! İstəyirik, buranı təmizləyib, evi özümüzə götürək. Biz iki qardaşıq, amma anam deyir ki, bu tulaların leşini təmizləməsəniz, ev murdar qalacaq.

- Ara, anan doğru deyir, bu it uşağını tullayın meşəyə, ya da yandırıb külünü göyə sovurun. Yaxud, istəyirsənsə, bizim xüsusi qəssabımız var, onları tikə-tikə doğrasın, itlərinizə yedizdirərsiniz. Sonra da öz kefinizə yaşayın, bəlkə, kömək lazımdır? Ara, onlara bir qab benzin ver, yox, iki qab ver, qoy bu türk qoyunlarından kabab bişirsinlər!

- Sağ ol, ara, aparaq meşəyə, orada yandıraq, ya da torpağa basdıraq ki, üfunətləri yayılmasın! – deyə Armen gülümsündü.

- Ara, hiss edirsən, bu köpəklərsiz nəfəs almaq necə rahatdır, - hərbçi dedi. – bunu qeyd etmək lazımdır.

Onlar arağı elə şüşədən içirdilər, mən isə oturub ağlayır, yumruqlarımı gəmirir, qanın dadını ağzımda hiss eləyirdim.

- Gəlsənə bunları murdarlayaq, - onlardan biri dedi və hamısı şarvarlarının düyməsini açdılar, - biz bu qancığı bütün dəstə ilə zorlamışıq, sonra isə başını əzmişik. Əlildir, ayaqlarını sıxıb yuma bilmirdi, ona görə də fahişə kimi uzanmışdı, - deyə o güldü. – Deyirlər, bunların bir qızı da vardı, amma onu tapa bilmədik. Eybi yoxdur, taparıq, onu gizlədəni isə güllələyəcəyik.

- Mən bilən, o hələ yanvarın ortasında vertolyotla Bakıya, iş dalınca gedib, - Armen dedi.

- Deməli, o qancığın bəxti gətirib! – deyə əsgər gülümsündü. – İndi isə, uşaqlar, gəlin bu əclafları murdarlayaq!

- Ay qardaş, axı burada mənim bacım var, - deyə Armen dinməz-söyləməz ağacın altında dayanmış Areviki göstərdi.

- Bağışlayın, xanım, - hərbçi dedi. – sizi görmədim! Bəs siz burada nə gəzirsiniz?

- Bizimlə gəlib. Bu gəbərmiş tulalara baxmaq istəyirdi.

- Düz eləyib, - hərbçi dedi. – Axçi matam, onlara bax, ləyaqətli erməni oğulları ilə fəxr elə! Yaxşı, biz getməliyik, əgər bir şey lazım olsa, iki saatdan sonra buradan keçəcəyik, kömək edərik.

Onlar çıxıb getdilər. Mən ayaqlarım dolaşa-dolaşa çardağa girdim. Atamın bağda işlədiyi bellər küncdə dayanmışdı. Mən onları götürüb yolla bağa tərəf addımlayarkən yadıma düşdü ki, bu yaxınlarda atam qardaşlarımla birlikdə bağın ortasında kiçik çarhovuz düzəltmək üçün quyu qazıb. Armen məni sözsüz başa düşüb, atamın ehtiyatla uzadıb üstünə daş qoyduğu faneri yığışdırmağa başladı. Mən evə girib isti yorğan götürdüm və quyunun dibinə sərdim. Atamın boğazındakı payanı böyük çətinliklə çıxarıb, quyuya əvvəlcə atamı uzatdıq. Mən atamı qucaqlayıb öpərək şarfı onun boynuna doladım. Sonra Səfərin əllərini öpə-öpə, saçlarını tumarlaya-tumarlaya quyuya uzadarkən çalışdım ki, onun qanlı kütləyə dönmüş gözəl üzünə toxunmayım.

Bacımı quyuya uzadarkən qolları açıq qalmışdı. Arevik pıçıldadı:

- Fəxriyyə, qolları bükülmür!

- Düzdür, - deyə mən cavab verdim. – Görürsən, Arevik, o həmişə qollarını açıb zarafatla deyirdi ki, gəzməyi bacarmasa da, uçmağı öyrənəcək. Bax, indi uçur.

Mən yaylığı onun başına bağlayaraq yarılmış alnını örtdüm. Onun bir qolunu Səfərin kürəyinin altına qoydum, o biri qolunun üzərinə isə Əmiri uzadıb, onun gözlərindən, məni bir daha “Fəxriciyəz” çağırmayacaq soyuq dodaqlarından öpdüm.

Anamı isə qucaqlayıb uzun müddət ondan ayrıla, onu qəbrə qoya bilmirdim. Əgər qollarımda taqət olsaydı, onu qollarım üstündə özümlə aparardım. “Ana, anacan, gözümün işığı, mənim sevincim, mənim qəlbim!” – bu sözlərlə anamın əl-ayağından, gözlərindən öpür, onun qar kimi ağ yanağını oxşayırdım. Yarasına torpaq düşməsin deyə, yaxasını düymələdim, corablarını yuxarı çəkdim, əynimdəki yun köynəyi çıxarıb ona geydirdim.

- Fəxriyyə, vaxtdır, - deyə Armen dilləndi. – Onlar indilərdə gələcəklər, vaxtdır!

Mən isə durmadan anamı öpür, onun ətrini qoxulayır, soyuq əllərini sıxırdım.

- Vaxtdır, - deyə Armen yenə təkrarladı, - vaxt azdır, eşidirsən? İndi sənə görə bizim hamımızı öldürəcəklər!

Mən quyuya düşdüm. Anamı dik vəziyyətdə quyuya salladıq. Mən onu Əmirin yanında uzatdım. Uşaqları ortada, atamla anamı isə kənarlarda uzatdıq və üstlərini mələfə ilə örtdük. Mən qəbrə bir ovuc torpaq töküb diz çökdüm və dua etməyə başladım. Sonra anamın mənə verdiyi Quranı və təsbehi də qəbrə qoydum. Oğlanlar torpağı bellə, mən və Arevik isə ovuclarımızla, göz yaşlarımızla islada-islada qəbrə tökürdük.

Əzizlərimi dəfn etdikdən sonra mən dinməz-söyləməz belləri qaytarıb zirzəmiyə qoydum, sonra evə girib valideynlərimin dolabını açdım, özümün, qardaşlarımın, bacımın və valideynlərimin saatlarını və şəkillərini götürdüm, anamın damalı şalını başıma örtdüm və qardaşımın gödəkcəsini geyərək küçəyə çıxdım.

- Gedək dərəyə, - deyə Armen təklif etdi. Qurgen yemək boğçasını mənim əlimdən alıb, əlimdəki saatları və şəkilləri onun içinə dürtdü. Mən Arevikə dedim:

- Həyətimizi özünüzə götürün, onu halallıqla sizə verirəm. Amma mərhumlarımı narahat etməyin. Onların qəbrindən çaya qədər iki addımlıq məsafə var. Qəbrə qədər hər yeri hasarlayın, amma o biri tərəfə toxunmayın.

- Narahat olma, - deyə o cavab verdi. – biz axı dostuq! Qoy bir qədər ara sakitləşsin, qayıdarsan!

- Hara, kimin yanına qayıdım? Hələ bəlli deyil, özüm sağ qalacağam, yoxsa yox! – deyə mən acı-acı pıçıldadım.

- Biz axı dostuq, bizim valideynlərimiz uşaqlıqdan dost olublar. Biz də dostuq!

- Dost idilər, Arevik, biz də dost idik! Bəs indi kimik? – deyə mən soruşdum. Arevik ağlayırdı.

- Valideynlərimin otağında köhnə patefon var, işləmir. Onun içində çoxlu qızıl var, hamısını götürün. Amma əzizlərimin qəbrinə toxunmayın, heç kimin də ona toxunmasına imkan verməyin. Səfərin maşınını da götürün. Evin də, maşının da sənədləri valideynlərimin otağındakı dolabın içindədir. Arevik, bizim mələfə götürdüyümüz yerdədir.

Birdən mən dayandım. Armeni yaxşı tanıyırdım – o, Səfərlə yaxın dost idi, özü də tez-tez bizə gəlib gedirdi.

- Armen, ananın canına and iç ki, onları qəbirdən qazıb çıxarmayacaqlar!

- Anamın, bacımın canına and olsun ki, səndən savayı bu qəbrə toxunan olmayacaq! Mən orada ağac əkərəm – bu, daha yaxşı olar – o dedi.

Dərədəki yol ayrıcında bizi iki qadın gözləyirdi. Onlardan biri – Janna Dumanyan mənim valideynlərimlə birlikdə, eyni məktəbdə işləyirdi. Digəri isə 60 yaşlı Mina xala idi. Mən buradan onunla birlikdə çıxmalı və şəhərin şimal kənarından şimal-şərqə doğru getməli idik.

- Siz yaşlısınız, gedib çıxa bilməzdiniz, - Qurgen dedi, - burada qalın, biz sizi gizlədərik.

- Onu tapıb tikə-tikə edərlər, - mən dedim. – Yox-yox, olmaz! Gizlədən adamların həyatını təhlükə altına atıb ölməkdənsə, yolda ölmək daha yaxşıdır. Sizin o erməni cəlladlarınızın əlində məhv olmaqdansa, qoy bizi meşədə canavarlar parçalasın!

- Fəxriyyə, niyə belə deyirsən? – deyə Armen göz yaşları içində dilləndi. – Bu torpaq mənə lazım deyil, mənə öz həyətimiz də kifayət edirdi. Sizinlə canbirqəlb yaşayırdıq, müharibəni mən başlamamışam ki!

- Yoxsa, müharibəni zirzəmidə otura-otura mən başlamışam? Bəlkə, orada - əlimi tüstülənən şəhərə doğru uzatdım – dəfn etdiklərim başlayıb? Kim başlayıb? özünüzünkü azlıq edirdi ki, bizimkinə də göz dikirdiniz?

  • Axçi, niyə belə deyirsən? – deyə Arevik ağlaya-ağlaya dilləndi.
    - Bəs nə deməliyəm, Arevik? Axı başı kəsilən mənim anamdır, sənin yox! Südabəni lüt-üryan edib zorlayıblar, onu necə yuduğumu özün gördün! Heç əlili də zorlayıb, sonra başını əzərlər? Zınqırov ovcuna sançılmışdı, qopara bilmirdim! Al, bax! – deyə mən hönkürərək diz çöküb ağır mis zınqırovu ona göstərdim. – Sənin ata-anan mənim toprağımda sağ-salamat gəzir, mənim ata-anam isə zorlanıb, məhv edilib, torpağa gömülüb! Ay Allah! – deyə mən qışqırdım. - Kaş evdə qalaydım! Mən indi onlarsız necə yaşayım, kimin üçün yaşayım? Bir günün içində atamı-anamı, qardaşlarımı, bacımı, doğulub boya-başa çatdığım torpağımı, yaşadığım şəhəri əlimdən aldınız!

Mina, Arevik, Janna məni qucaqlayıb hönkürürdülər. Armenlə Qurgen diz çoküb göz yaşları tökür, neçə-neçə insanın həyatına son qoymuş bu müharibəni lənətləyirdilər.

- Ağla, - Mina dedi. – ağla, laylay deyib ağla, bala!

- Armen, - mən dedim, - artıq biz gedək, siz isə qayıdın! Anana mənim adımdan təşəkkür elə!

Arevik əlcəklərini çıxarıb mənim əlimə geydirdi. Q urgen cibindən kibrit, alışqan və 20 ədəd iri həb çıxarıb mənim cibimə qoydu:

- Quru spirtdir, tonqal qalamağa, yaxud dəmir parçda su qızdırmağa lazım olur. – deyib, əlindəki yemək boğçasına qoyduğu patron dolu tapançanı göstərdi. – Bunu dünən əsgərlərlə arağa və donuz piyinə dəyişmişəm. Götür, lazım olar!

O, tapançadan neçə istifadə etməyi mənə başa saldı, qoruyucudan çıxarmağı öyrətdi. Sonra dedi:

- Meşədən yalnız gecələr çıxın. Postlara yaxın getməyin. Ağ maskalı geyimdə qatillər meşəni ələk-vələk edirlər, heç bir dəhliz-filan yoxdur, bu ancaq tələdir, anladınız? Oradan hər şey ovuc içi kimi görünür, yüzlərlə də meyid var. Dünən bir sərxoş təyyarəçi danışırdı ki, bu bir tələdir. – Sonra sakit səslə əlavə etdi: - bu kömürdür, götür, üz-gözünə çək. Ermənilərə rast gəlsən, səsini çıxarma, özünü lallığa, xəstəliyə vur.

- Məgər onlar xəstələrə toxunmurlar? – deyə mən soruşdum. O, başını aşağı dikib susdu.

- çox sağ olun. – mən dedim. – çox sağ olun ki, onları dəfn etməkdə mənə kömək etdiniz! Haqqınızı onlara halal edin!

- Halal xoşları olsun! – bunu onlar mənim doğma Azərbaycan dilimdə dedilər.

Mənim xalqıma yadların qənim kəsildiyi, qırıb-çatdığı doğma torpağımda mən üzümü çevirib getdim. Sonra Minanın da gəldiyinə əmin olmaq üçün geriyə boylandım. Tüstülənən şəhərin fonunda Janna ilə Areviki gördüm – onlar dayanıb arxamızca xaç çevirirdilər.

Biz beş saata yaxın yol getdik. Mən mümkün qədər yavaş yeriyirdim ki, Mina mənə çata bilsin, amma artıq hava işıqlanırdı. Anaitlə Qurgenin tövsiyyələrini xatırlayıb düşünürdüm ki, gündüz bir yer tapıb daldalanmalı və yolumuzu yalnız gecə davam etdirməliyik. Səhər meşənin qırılmaq üçün ayrılmış və indi baxımsız qalmış yerinə çatıb orada daldalanaraq anamın şalına büründük. Mən dərhal yuxuya getdim. Yuxuda əvvəlcə yanğın, sonra isə qədim Azərbaycan ənənəsinə əsasən arxamca su atan anamı gördüm. Gah hövlnak oyanır, gah da təzədən yuxuya gedirdim.

Mina xala məni axşam saat 7-də oyadıb bildirdi ki, yemək lazımdır, çoxlu yemək lazımdır ki, yeriməyə taqətimiz olsun.

Mən etiraz etmədən donmuş çörəklə buz kimi pendiri çeynəməyə başladım.

İndi düşünəcəksiniz ki, ailəsini dəfn etmiş bir insan necə yeyib-içə, yata bilər? Mən özüm də tez-tez bu barədə, iradə, dözüm haqqında düşünürdüm. Sanki, insanın daxilində hansısa bir güc ehtiyatı var və bu güc ehtiyatı məhz lazımi anda insan bədəninin, insan düşüncəsinin hər bir hüceyrəsinə nüfuz edir, kəm-kədərin, fiziki zəifliyin əldən saldığı insan ruhunu yenidən canlandırır.

- Mina xala, bəs sizi nə əcəb öldürmədilər? – deyə mən soruşdum.

- Mən poçtalyon Vaqifin öldürüldüyünü, onun həyat yoldaşının və qızlarının isə oğullarının gözü qarşısında zorlandığını görəndə arxa küçədən keçib meşə ilə Jannagilə qaçdım. Şəhərdə artıq vurhavur, atəş səsləri, qışqırıqlar eşidilirdi. Mən bütün pullarımı, qızıllarımı Jannagilə apardım. Onlar məni dərhal boş, atılmış quyuda gizlətdilər. Bir gecə orada qaldım, sonra isə məni zirzəmiyə köçürdülər. Mən axı Jannanın böyük qızına 5 yaşınadək süd vermişəm – həmin vaxt mənim yenicə doğulmuş övladım, sonra isə həyat yoldaşım vəfat etmişdi, mən tək yaşayırdım. Janna dedi ki, Qurbanı ailəsi ilə birlikdə diri-diri yandırıblar, onlar yana-yana həyətdə qaçışırdılar. Əsgərlər isə qəhqəhə çəkərək rəqs edir, qadınları, oğlan uşaqlarını analarının və bacılarının, atalarının və qardaşlarının gözü qarşısında zorlayırdılar. Bundan sonra uşaqları rəqs etməyə, muğam oxuyub segah deməyə məcbur edirdilər, sonradan əgər güllələyirdilərsə, bu, asan ölüm sayılırdı.

Südəmər körpələri qaynayan su ilə dolu qazana atırdılar, qadınların döşünü kəsib məftilə keçirir, sarıyıb bir-birinə göstərərək lovğalanırdılar. Bacaran başını götürüb qaçmışdı.

Mina danışır, mən isə soyuqdan büzüşüb oturaraq rəngli saplarla toxunmuş əlil arabasını və onun üzərinə bərkidilmiş zınqırovu gözümün önünə gətirirdim. Evdə bir kəs yatanda bacım zınqırovun dilçəyinə mum yapışdırırdı ki, evdəkiləri oyatmasın. Səfərlə əmir işdən sonra yuyunarkən bir-birini suya basıb gülümsünürdülər. Göy qurşağı, başında gün çələngi, qəhqəhə çəkə-çəkə onlara baxırdı. Atam, gözündə eynək, masa arxasında əlində qəzet əyləşib onları qızışdırırdı. Mən isə atamın yanında əyləşərək anamı qucaqlayırdım.

Qəfildən mən qışqırmağa, yaralı heyvan kimi ulamağa başladım.

- Qızım, qızım, nə oldu, neynirsən, mənim balam! – deyə Mina məni qucaqladı. Mən küncdə oturub qışqırırdım, o isə əlini mənim dodaqlarıma yapışdırıb deyirdi: - Sakit, sakit ol, bala, hər şey yaxşı olacaq, bir azdan özümüzünkülərə qovuşacağıq, hər şey yaxşı olacaq!

- Əgər çata bilsək... – deyə mən göz yaşları içində qəhqəhə çəkdim. – çata bilsək, qovuşarıq!

- çatacağıq, əlbəttə, çatacağıq, sən çatmalısan! Tanrı səni nahaqdan qorumayıb! Sən öz doğmalarının xatirəsi naminə xilas olmalısan, özümüzünkülərə qovuşmalısan! Sən güclüsən, özün də tək deyilsən, biz birlikdəyik, Tanrı da bizimlədir!

- Bəs bizi tutsalar, onda necə olsun, Mina xala?

- Onda özümüz ölərik, amma onlara təslim olmarıq! – deyə Mina xala mənim saçlarımı tumarlayaraq göz yaşlarımı sildi. Sonra dedi:

- Fəxriyyə, qızım, səndən çox xahiş edirəm, mənim itiriləsi heç nəyim qalmayıb! Əgər o əclafların əlinə düşsək, sən məni dərhal tapança ilə birinci öldür! Mən artıq cavan deyiləm, onların nə törətdiklərini öz gözlərimlə gördüm, istəmirəm ki, mənim də başıma bu cür oyun açsınlar!

Anamın boğazı kəsilmiş, cəhəngində qan laxtalanmış halda uzanmış meyidi gözlərim önünə gəldi. O zaman diggət yetirmədiyim ayrı-ayrı məqamlar yaddaşımın dərinliklərindən üzə çıxır, bircə-bircə gözümün önünə gəlirdi.

- öldürərsən məni, oldu? – onun səsi məni düşüncələrdən ayırdı.

- Oldu! – deyə mən cavab verdim.

- Səni and verirəm mərhum anan Gövhərin ruhuna, öldür məni!

- öldürərəm, söz verirəm ki, öldürərəm, Mina xala, narahat olmayın! Artıq qaranlıq düşüb, getmək lazımdır!

O yorulmuşdu, tez-tez dayanıb nəfəsini dərirdi. Səhərə yaxın artıq yeriməyə taqəti qalmamışdı.

- Lap az qalıb, Mina xala! – deyə mən ola yalvarırdım.

- Yeriyə bilmirəm, qızım, ayaqlarımı don vurub! Sən məni qoy, get, özünü xilas elə! – o dedi.

Hərdən biz meşənin kənarına yaxınlaşarkən yolda uşaq, qadın, kişi meyitləri görürdük. Meşədə biz onların yanından ötüb keçməyə çalışırdıq – bu, dəhşətli mənzərə idi, onların, demək olar ki, hamısının gözləri açıq qalmış, sonsuzluğa dikilmiş, şüşəyə dönmüşdü. Biz artıq üçüncü gecə idi ki, gecələr gedirdik. Mina lap taqətdən düşmüşdü, mən az qala onu öz çiynimdə daşıyırdım. Səhərə yaxın biz meşənin ortasında talaya bənzər bir meydançaya çıxdıq. Mən buranın təhlükəli olduğunu düşünərək arxaya boylandım, amma Mina xala əli ilə əks tərəfi göstərdi – ağacların arasında narıncı rəngli “Moskviç” maşını görünürdü.

Mən işarə ilə meşəni göstərdim və biz təhlükə ilə üzləşməmək üçün maşından aralanmaq istəyərkən, kiminsə qadın səsi ilə “Kömək edin, bir kəs varsa, kömək etsin!” yalvarışlarını eşidib, donub yerimizdə qaldıq.

Biz bir-birimizə baxıb talanın yanından saat əqrəbi istiqamətində ötərək ağacların arası ilə maşına yaxınlaşdıq.

- Onlar hiyləgərdirlər, - deyə Mina pıçıldadı. – bəlkə, tələ qurublar?

- Onsuz da onlar bizi görməyiblər, - mən dedim, - qoy baxaq görək, nə olub. Bəlkə, kiməsə kömək lazımdır?

Mina mənim qərarımın əleyhinə olsa da, çarəsizlikdən ardımca yeridi. Maşına yaxınlaşanda qan gölməçəsinin içində uzanmış kişi meyidi gördük. Bir qədər aralıda bir qadın taqətsiz halda yerdə uzanmış, bədəninin sağ tərəfi yaba ilə torpağa sancılmışdı. Sifəti qan içində idi.

Mən ona yaxınlaşıb, erməni dilində danışdığını eşidəndə üzümü yana çevirdim. Mina onun üzünə tüpürdü və mənim əlimdən tutub meşəyə tərəf dartaraq dedi:

- Qoy it kimi gəbərsin, əclaf köpəyin qızı, murdarın qızı murdar! Gedək burdan!

Erməni qadın isə artıq rus dilində yalvarırdı:

- Getməyin, yalvarıram! – mən geriyə boylanmadan gedirdim, o isə ağlayırdı. – Xahiş edirəm, uşağımı, uşağımı xilas edin!

Mən dayandım. Mina söyürdü:

- İt kimi gəbərəcəksiniz – özünüz də, uşaqlarınız da!

Mən geri qayıtdım. Mina deyinə-deyinə ardımca gəldi.

- Görmürsən, onun sir-sifəti bozarıb, ölür artıq! Nə uşaq? Mən orada uşaq-filan görmədim!

Mən qadına yaxınlaşdım:

- Sən nə danışırsan, hansı uşaq? – deyə soruşub, ətrafa boylandım. – Hanı uşaq? Görürərik uşağını, hardadır?

Qadın ağlaya-ağlaya ayaqlarının arasını göstərdi. Mina onun qəhvəyi paltosunu aralayaraq paltarının ətəyini qaldırdı – qadının ayaqları arasında qanın, seliyin içində, göbəyi dolaşmış körpə çabalayırdı. Uşaqın üzərindəki qandan buxar qalxırdı.

Anası yalvarırdı:

- Siz Allah, xilas edin onu, elə indicə azad olmuşam, qoymayın ölsün!

O, uşağın qız və ya oğlan olduğunu soruşmurdu, sadəcə, mənim gözlərimin içinə baxaraq körpəsini xilas etməyimi xahiş edirdi. Mən ağlaya-ağlaya yabanı dartıb çıxarmağa çalışırdım, amma artıq taqətim qalmamışdı. Mina dedi:

- çıxarma, o saat öləcək! Görmürsən, danışanda səsi xırıldayır.

- Mina xala, axı siz həkimsiniz! Uşaqla neyləyək? – deyə mən soruşdum.

- Heç bir şey, - deyə o cavab verdi. – Qoy burada qalıb gəbərsin.

- Yox, Mina xala, yox!

- Fəxriyyə, sən nə danışırsan? Onlar qatildirlər, biz bütün yolu meyidlərin yanından ötüb gedirdik, sənsə bu it küçüyünü xilas etmək istəyirsən!

Mən onu gözlərinin içinə baxaraq yalvardım:

- Bir çarə qıl, körpənin heç bir günahi yoxdur! Uşaqlar müharibədə günahkar deyillər!

- ölsəm də, xilas eləmərəm! – deyib, Mina xala meşəyə tərəf yönəldi. Körpə tir-tir əsirdi. Mən onu anamın şalına bürüdüm.

Mina gözüyaşlı geri qayıtdı:

- Bıçağı ver!

Onun orada nə etdiyini bilmirəm, amma körpə ağlamağa başladı. Mən yun köynəyi əynimdən çıxardım, Mina uşağı əvvəlcə yun köynəyə, sonra isə anamın şalına bürüdü. Mən gödəkcənin yaxasını açdım, uşağı sinəmə qoyub yaxamı bağladım. Erməni qadına baxdım – o, “çox sağ ol” deyib, keçindi.

- Gedək-gedək, - Mina dedi. – Bu dünyadan bir qancıq azaldı.

Biz uzun yol getdik. Mina yorulurdu, mənə də ağır idi. Uşaq susmuşdu.

- Mina xala, bu uşaq niyə ağlamır? – deyə mən soruşdum. – Bir gör, sağ-salamatdır?

- Ay bala, sevindiyindən ağlamır da! – deyə Mina cavab verdi. – Sevinir ki, sağ qalıb, iki axmaq – biri yaşlı, biri cavan qadın onun həyatını xilas edib. Yeri istidir, ona görə susub. Amma çox çəkməyəcək – süd yeməsə, öləcək. Bir bax, gömgöy göyərmisən. Köynəyini niyə çıxardın, kimə görə? – Mina deyinirdi.

- Mina, uşaq kimdir? Oğlandır, yoxsa qız?

- Oğlandır, - deyə Mina cavab verdi. – Canlı-cəsədli oğlan uşağıdır!

- Mina, bu körpə ölməyəcək, eləmi? – deyə biz axşamı gözləyərək mağarada oturarkən soruşdum. O, cavab vermədi.

- Yeməyimiz az qalıb, - mən dedim. – bir gündən sonra qurtaracaq. Sonra neyləyəcəyik?

- Gedəcəyik! Taqətdən düşənə qədər gedəcəyik. Mən əminəm ki, biz xilas olacağıq, - deyə o cavab verdi. – Amma bax, – uşağı göstərdi. – bunu nahaq götürmüsən, artıq yükdür.

- Mina, axı o insandır, insan həyatı hər şeydən yüksəkdir! O, müharibənin başlamasında, bir günü içində yetim qalmasında günahkar deyil! Uşaqdır, başa düşürsən? Biz azərbaycanlıyıq, vəhşi deyilik! Bəs onda günahsız insanları yandıran, zorlayan, tikə-tikə doğrayan o cəlladlardan bizim nə fərqimiz oldu? Bəs sən özün, axı niyə qaytıdın? – mən ağlaya-ağlaya deyirdim. – Niyə qayıdıb onun göbəyini kəsdin???

- Ehh, - deyə Mina göz yaşlarını sildi. – Yəqin, ona görə qayıtdım ki, mən qadınam, Azərbaycan qadınıyam!

- Bilirəm, – deyə mən ağlaya-ağlaya cavab verdim. – Əgər mənim yerimə anam olsaydı, o da düşünmədən bu körpəni xilas edərdi. Mən düz iş görmüşəm, - deyə mən öz-özümə təsəlli verirdim.

Körpə sanki onun haqqında danışdığımızı hiss edib yavaşca ağlamağa başladı.

- Get, qar yığ gətir, - Mina xala dedi. – Su qızdırmaq lazımdır.

Biz suyu dəmir parçda qızdırdıq. Mina kiçik əsgini isladaraq uşağın bədənini sildi, sonra onu əvvəlcə öz ətəyinə, daha sonra isə yenidən anamın yun şalına bürüdü. Məni yenı qar gətirməyə göndərdi. Mən kiçik mağaraya girərək iki yekə qar topası düzəltdim – mağaranın qarşısında bitmiş kiçik küknar ağacı mağaranın girişini örtürdü. Minanın körpəni sakitləşdirdiyini eşitdim: “Laylay, körpə bala, bir az döz, evə çatarıq, nə qədər istəyirsən, çığırarsan, doyunca ağlayarsan, indisə səsin çıxmasın, döz, körpə balam!”

Mənim gəldiyimi eşidib, körpəni tez yerə qoydu: “İt küçüyü, səsini atıb başına!” Qarı əridib, bir parça doğranmış qəndi parçın içinə atdı və şəhadət barmağını suya batıraraq körpənin dodaqlarına yaxınlaşdırdı. Şirin su damcılarını hiss edən körpə daha səsini çıxarmırdı, təkcə onun nəfəsi eşidilirdi.

Bu körpə müharibənin, qəm-kədərin, minlərlə alçaldılmış insanın faciəsinin, dirilərin və ölülərin nə olduğunu bilmirdi.

Erməni qadının dünyaya gətirdiyi bu körpə də heç kimə lazım olmayan bu müharibənin qurbanına çevrilmişdi.

Bu körpə iki azərbaycanlı qadının sayəsində sağ qalmışdı. Tanrı onun sağ qalmasını istəyirdi – yəqin, o bizim insaniyyətimizi yoxlayırdı.

Körpə şirin su damcılarını sovuraraq kirimişcə mürgüləyirdi. Mən qaranlıqda nəfəsi dərmək üçün dayananda qorxa-qorxa gödəkcənin yaxasını açır, onun bələndiyi şalı aralayaraq kiçik sifətini qulağıma yaxınlaşdıraraq nəfəs alıb-almadığını yoxlayırdım. Onun nəfəsini eşidib yoluma davam edir, Tanrıya dua edərək mənə də, Minaya da güc verməsini diləyirdim.

Səhərə yaxın Mina artıq yeriyə bilmirdi:

- Get, - deyə o pıçıldadı. – Məni burda qoy, get! Dayanma, donarsan! Sən özünü də, bu körpəni də xilas etməlisən! Vəssalam, mənimki də bura qədər imiş.

Mən onun yanında qarın üstünə uzanıb ağaca dirsəklənərək dedim:

- Yaxşı, onda bir yerdə öləcəyik. Mən sənsiz heç yerə getməyəcəyəm.

- Sənin başın xarabdır? özünə yazığın gəlmir, heç olmasa, o körpəyə yazığın gəlsin! Vəssalam, Fəxriyyə, o uşaq sənindir, o, sənə bağlıdır! Onu Tanrı sənə onun üçün göndərib ki, ağlını itirməyəsən, yaşamağa davam edəsən. O, indi səndən asılıdır, mənim qucağımda ərköyünlük edir, sən onu götürən kimi isə sakit olur. O, sənsiz məhv olar, qızım! O vaxt mən səni danlayırdım, amma bu üç günü Tanrıya təşəkkür edirdim ki, sən mənim sözümə baxmayıb onu xilas elədin, çünki onun heç bir günahı yoxdur. Ona görə də, qalx get, qızım, çox sağ ol! Sağ ol ki, məni orada tək qoymadın, onların səviyyəsinə enməyimə imkan vermədin. Hər şeyə görə çox sağ ol, balam, indi isə qalx get – sən oğlunu xilas etməlisən.

- Yox, sənsiz mən heç yerə getməyəcəyəm!

- İnad eləmə, mənim daha yol yeriməyə taqətim yoxdur.

- Eybu yoxdur, mən sənə kömək edərəm. Mənə söykənərsən, yavaşca gedərik. Bu boyda yolu ona görə gəlmişik ki, burada donub ölək? İndi körpəyə də, sənə də şirin su içirərəm, gedərik.

Biz gün işığında daha yarım gün yol getdik. Mən qorxurdum ki, Mina donub ölər – körpə də günü-gündən zəifləyirdi.

Biz açıq sahəyə çıxdıq – mən bir əlimlə Minanı, bir əlimlə isə uşağı tuturdum ki, gödəkcənin altından sürüşüb düşməsin.

Yorulub əldən düşmüş iki qadın, yaşamaq istəyən körpə uşaq qucağında, gücsüz-taqətsiz halda ayaqlarını sürüyürdü. Mən əmin idim ki, bu gecə bizim sonuncu gecəmiz olacaq – biz yuxuya gedib, bir daha ayılmayacağıq. Mən aramla yeriyir, öz gücsüzlüyimdən, hər bir şeyə rəğmən yaşamaq istədiyimdən ağlayırdım. Düşünürdüm ki, biz heç – bəs bu körpənin günahı nədir ki, bu qədər əzab-əziyyətə düçar olur? Biz zəifləmişdik, amma mən inadla yeriyirdim – yıxılır, sonra yenə ayağa qalxıb yeriyirdim.

Birdən bütün bu yolu çiynimə söykənib yeriyən Mina dərindən ah çəkərək büzüşdü və çiynimdən sürüşüb düşməyə başladı. Mən onu qaldırmağa çalışdım, amma o mənim ağlamağıma, qışqırığıma əhəmiyyət vermirdi. Mənim üçün artıq ermənilərin mənim səsimi, qışqırığımı eşidib, bizi tapacaqlarının fərqi yox idi. Mən Minanı iki əlimlə iyirmi metr sürüdüm, sonra başımı onun sinəsinə dayadım. ürəyinin çırpıntısını eşidib yenə sürüməyə başladım. Mən durmadan danışır, mütləq özümüzünkülərə qovuşacağımı, uzun, xoşbəxt həyat sürəcəyimizi deyirdim. Ağlaya-ağlaya Tanrıya yalvarırdım ki, mənə güc versin – mən ölmək istəmirdim, bütün bu əzab-əziyyətə, itkilərə, ağrıya, qəm-kədərə, soyuğa və aclığa baxmayaraq, yaşamaq istəyirdim. Körpənin də, Minanın da ürəyinin döyüntüsünü eşidərək yaşamaq istəyirdim. Əl barmaqlarım artıq işləmirdi, ayaqlarımı isə hiss eləmirdim. Amma yeriyirdim – yıxılır, sonra yenə ayağa qalxıb yeriyirdim.

Səs-küy eşidəndə başa düşdüm ki, axırımız çatıb. Həmin vaxt mən anamı, bacımı, atamı, qardaşlarımı, qoynumdakı körpəni düşünürdüm. Başa düşürdüm ki, indi məni ya sadəcə, ya da vəhşicəsinə öldürəcəklər. özümüzünkülərə çata bilmədiyimə, valideynlərimin məni böyüdüb boya-başa çatdırdığı kimi, bu körpəni böyüdüb boya-başa çatdıra bilməyəcəyimə, ona öz məhəbbətimi bəxş edə bilməyəcəyimə, ona təşəkkür edə bilməyəcəyimə heyfsilənirdim – mən onu xilas etmək naminə sağ qalmışdım. O, öz doğuluşu ilə mənə həyat vermişdi. Mənim əzizlərimi əlimdən alan, onun özünü də yetim qoyan vəhşilərin səviyyəsinə enməkdən məni daşındırmışdı. Donmuş çörək tikəsini sonadək yeməyib, mənim qarşıma qoyan, “Sən körpəni daşıyırsan, sənə güc lazımdır, and verirəm ananın ruhuna, bunu ye!” deyən Minanı xilas edə bilmədiyimə heyfsilənirdim. Mən həmin çörək tikəsini götürüb yemişdim – çünki bu körpəni də, Minanı da xilas etməli idim.

Mən – 19 yaşlı bir qızcığaz, ölümdən qorxduğum üçün ağlayırdım. ölüm qorxusu sanki insanı bir halqa kimi sıxır, nəfəsini kəsir. Qorxurdum ki, meşədə gördüyüm yüzlərlə qətlə yetirilmiş insan kimi, buradaca qətlə yetiriləcəyəm, qollarımı yanlara uzadıb, soyuq gözlərimi səmaya dikib, yenicə qədəm qoyduğum bu həyatla vidalaşacağam.

Səs-küy hərbi maşından gəlirdi. Mən Minanı öpüb ayağa qalxdım. Ona verdiyim vədi yerinə yetirə, nə onu, nə də özümü öldürə bilmədim! İki nəfərin mənə sarı qaçdığını görüncə, onların məni öldürməyə başladığını gözləyə-gözləyə, körpəni sinəmə sıxaraq dayanıb durdum.

Hərbçilərdən biri mənə yaxınlaşarkən əynindən kürkünü çıxarıb çiynimə atdı və ingilis dilində nə isə dedi. Mən diz üstə çöküb göz yaşları tökməyə başladım. Yox, bu göz yaşı deyildi. Bu, mənim keçirdiyim bütün ağrı-acıların təzahürü idi. Göz yaşları içində diqqət yetirdim ki, onlar özlərini itirmiş halda bir-birinə nə isə deyirlər. Mən körpəni gödəkcəmin altından çıxaranda kürkünü çıxarmış hərbçi başını yoldaşının çiyninə qoyub hönkürdü.

Palatada isə üç qadın hönkürürdü – mən, Fəxriyyə və Mila için-için ağlayırdıq.

- Sonra – deyə Fəxriyyə sözünə davam etdi. – həkimlər bizi müalicə etdilər, sonra biz Bakıya gəldik. Mina iki ay xəstəxanada müalicə olundu. Mən isə körpə ilə birlikdə zavod yataqxanasında yaşayırdım. Bundan sonra biz, anamın mənə verdiyi pullara şəhər kənarında ikiotaqlı kiçik bir ev aldıq. Bütün sənədləşmə işləri ilə Mina məşğul olurdu. Qadınlar da ona kömək edirdi. Beləliklə, mən özümə sənədlər, uşağa isə doğum haqqında şəhadətnamə düzəldə bildim. Uşağa qardaşımın xatirəsinə Əmir adı qoydum, ona öz soyadımı, atasının adına isə öz atamın adını yazdırdım. Mən Minanın tələbi ilə universitetin qiyabi şöbəsinə daxil oldum. İki yerdə işləyirdim, Mina isə Əmirə dayəlik edirdi. Uşağın dörd yaşı olanda Mina onu sünnət etdirməyimizi tələb etdi. Mən onun sözünün qarşısında söz demirdim, çünki Mina mənə ana əvəzi idi.

Uşağın əməliyyat olunduğu xəstəxanada mən Muradla tanış oldum. Bir aydan sonra Murad mənim üçün elçi göndərdi, Mina xala isə dedi ki, qoy hələ universiteti bitirsin, sonra danışarıq. Sonra isə Əmiri göstərib dedi:

- Neynirsən onu alıb? Qucağında bu boyda pərsəngi sənə cehiz gətirəcək!

Elçilər gedəndən sonra Mina xaladan soruşdum:

- Niyə imkan vermirsən ki, ərə gedim? Əmirə də “pərsəng” deyirsən.

- Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır, - deyə o cavab verdi. – Uzan, yat.

üç gündən sonra Murad gözləri çuxura düşmüş, üz-gözünü tük basmış halda bizə gəldi.

- Mən nə qədər lazımdırsa, gözləyəcəyəm, - deyə o elə kandardaca sözə başladı. – Elə sizə ilk gəlişimdən sonra qərara gəldim ki, Əmiri övladlığa götürəcəyəm. Buna valideynlərim də razıdır. Mina xanım, xahiş edirəm, sözümü yerə salmayın.

- Yaxşı, oğlum, qoy valideynlərin gəlsin, toy haqqında söhbət edərik. Amma sabah siz Fəxriyyə ilə bir məsələni müzakirə etməlisiniz. Ondan sonra evlənib-evlənməyəcəyini özün qərarlaşdırarsan – deyib, Mina xala Əmiri onun qucağından aldı. – İndi isə get, Fəxriyyə uşağı yatızdırmalıdır.

Əmir mənim çarpayımda boynumu qucaqlayıb yuxuya getdikdən sonra mən dedim:

- Yox, Mina xala, mən ona heç bir şey deməyəcəyəm. Birdən məni başa düşmədi? Birdən kiməsə danışdı? Yox, deməyəcəyəm.

- Əgər kişinin səni sevdiyinə şübhə ilə yanaşırsansa, onda nəyə görə ona ərə gedirsən? – Mina xala dedi. – Ən yaxşısı sözün düzünü indi deməkdir ki, yüz ölçüb-bir biçib qərar qəbul eləsin. Həyat oyuncaq deyil ki, sındırıb, təzəsini alasan! Nə qədər xeyirxah yalan olsa da, yalan üzərində münasibət qurmaq olmaz. Həm də, toy gecəsi bakirə olduğun aşkara çıxanda, nə deyəcəksən? Oğlan səni də sevir, Əmiri də! Fikirləş, Fəxriyyə, fikirləş!

Bütün gecəni yuxuya gedə bilmədim. Muradın məni başa düşməyəcəyindən, Əmirə nifrət edəcəyindən qorxurdum, bu isə mənim üçün ölümə bərabər idi. çünki Əmirin qanı qanımdan, canı canımdan olmasa da, o, mənim oğlum, mənim doğma övladım idi. O, əzablı günlərin ağrı-acısını mənimlə birgə bölüşmüşdü. O, mənim bərq vuran günəşim idi, mənim parçalanmış, haçalanmış, qəm-kədər dolu həyatımın mənası idi. Mənim övladım mənim vuran ürəyim, mənim dayağımdır. Kim nə düşünür düşünsün, amma mənim oğlum azərbaycanlıdır! O, həyatındakı ilk su damlalarını azərbaycanlı qadınların əlindən dadıb. O, körpə ikən Azərbaycan dilində layla dinləyib. Mən işdən qayında mənim qarşıma qaçıb, Azərbaycan dilində “Anacan, ana!” deyir.

Minanın da yatmadığını, Tanrıya dua etdiyini hiss edirdim.

Gündüz Murad bizə gəldi. Əmirə oyuncaq alıb gətirmişdi. Uşaq oyuncağı kənara tullayıb Muradın boynuna sarıldı. Murad onu atıb-tutur, Əmir isə sevinclə çığırıb gülürdü.

Mina uşağı götürüb süd almaq üçün qonşuya getdiyini bildirdi.

Mən çay süzüb Muradla üzbəüz əyləşdim. O, gözlərini üzümə dikib səbrlə gözləyirdi. Mən isə həyatın oyuncaq olmadığı barədə Minanın nəsihətlərini xatırlayaraq sözə başladım. Mən nəql etdikcə, o, yumruqlarını yumub-açır, sıqaret çıxarır, çıxardığı siqareti ovcunda əzir, durmadan əli ilə saçlarına daraq çəkirdi.

Mən öz hekayətimi danışıb qurtardıqdan sonra o, üzr istəyərək tələbeeeeep otaqdan çıxdı.

Mən başımı aşağı salıb ağlayırdım. Mina otağa daxil olub soruşdu:

- Nə olub, balam, niyə ağlayırsan?

- Mina, Murad getdi! Ayağa durub, çıxıb getdi!

- Sənin dünyadan xəbərin var? – deyə Mina cavab verdi. – Murad həyətdə Əmirin velosipedini təmir edir. Sənsə burada oturub gözünün qorasını tökürsən.

Mən həyətə qaçdım. Murad yaxınlaşıb məni qucaqladı. Mən onun qızarmış gözlərinə baxıb soruşdum:

- Ağlayırdın?

- Yox, - deyə o, gözünün yaşını sildi. – Kişi ağlamaz!

Sonra bizim toyumuz oldu. Mən Quran altından keçib xeyir-dua alanda indi də Mina və Muradın anası ağlayırdı.

Əmir isə dayanıb əl çalır, anasının xoşbəxtliyinə sevinirdi.

Toyda bəy balaca oğlan uşağını çiynində əyləşdirərək rəqs edirdi.

Toyda gəlin öz balaca şahzadəsi ilə vals oynayırdı.

Mina bütün yaşananlardan sonra ilk dəfə olaraq, əcdadların musiqisinin sədaları altında göz yaşı tökmədən rəqs edirdi.

Doqquz ildən sonra Mina mənim qucağımdaca vəfat etdi.

Elə həmin il biz ərimin işi ilə əlaqədar Moskvaya getdik.

Moskvada olarkən bir dəfə mən, Murad və Əmir restoranda nəyi isə qeyd edirdik. Gedənə yaxın bizə bir kişi yaxınlaşıb soruşdu:

- çox-çox üzr istəyirəm, bağışlayın, sizin adınız Fəxriyyədir?

Baxışlarımız qarşılaşana mən donub qaldım – qarşımdakı Armen idi.

- Fəxriyyəcan, tanıdın? Necəsən? Səni görməyimə çox şadam!

- Murad, tanış ol, bu Armendir. Sənə onun haqqında danışmışdım.

Muradla Əmir başını yelləyərək Armeni salamladılar.

- Hə, Fəxriyyə, heç zərrə qədər də dəyişməmisən. Bu neçə ili biz düşünürdük ki, görəsən sən sağsan, yoxsa yox! Anam rəhmətə getdi – heyf, heyf ki, bu günü görə bilmədi. Bütün ömrü boyu sənin sağ qalıb-qalmamağının xiffətini çəkirdi. Biz iki ildən sonra Moskvaya köçdük. Amma mən öz vədimi yerinə yetirdim – oraya hasar çəkib, ağac əkdim. İndi orada bağ salınıb – deyə Armen “orada” sözünü vurğuladı.

Mən dinməz-söyləməz qulaq asırdım. Bədənimi titrəmə bürümüşdü, ancaq Murad barmaqları ilə əlimi sıxdıqdan sonra özümə gəldim.

- Biz getməliyik, - mən dedim. – salamat qal, Armen!

- Fəxriyyə, bilirsən, mən anama bir vəd vermişəm, - bu sözləri o, Azərbaycan dilində dedi, - indi ki sən sağsan və tale bizi görüşdürüb, icazə ver, anama verdiyim vədi yerinə yetirim. Mənim evimə buradan iki dəqiqəlik yoldur, gözləyin, indi gəlirəm!

- Ana, o kimdir? – deyə Armen gedəndən sonra Əmir soruşdu.

- Keçmiş dostlarımızdandır, - deyə Murad mənim əvəzimə cavab verdi.

Murad Armenin masamıza yaxınlaşdığını gördükdə Əmirə dedi:

- Əmir, burada yaxınlıqda tütün köşkü var, get, mənə siqaret al gətir.

Əmir gedəndən sonra Armen soruşdu:

- Fəxriyyə, oğlundur?

- Bəli.

- Lap rəhmətlik Əmirə oxşayır.

- İgid oğul dayısına oxşayar da! – deyə Murad cavab verdi.

- Fəxriyyə, bax, burada fotoşəkillərdir, - deyə Armen bir dəstə ağ-qara şəkli mənə uzatdı. – burada isə – o, üzərində “Düyü” yazılmış tənəkə qutusu çıxardı. – torpaqdır. Anam oradan xüsusi olaraq sənin üçün yığıb.

Mən dinməz-söyləməz ayağa qalxıb əlimi ona uzatdım:

- çox sağ ol, Armen, vədinə əməl etdiyinə görə də, bu şeylərə görə də sənə minnətdaram! – deyə, tənəkə qutu ilə fotoşəkilləri göstərdim.

- Bilirsən, indi orada heç kim yaşamır, şəhər xarabazara çevrilib qalıb.

- İnşallah, yaxın vaxtlarda oraları düzəldərik, - deyə Murad gülümsündü. – hər şeyin öz vaxtı var.

Sonra Armenə təşəkkür edib dedi:

- Yaxşı, biz gedək, uşaq həyətdə gözləyir.

Biz restorandan çıxdıq. Murad mənim əlimdən tutaraq dedi:

- Bax, ağlayıb-eləməyəsən ha, uşağın kefini pozarsan!

Bakıda biz bu torpağı Minanın qəbri üstünə apardıq. Bu yolla mənim əzizlərim, nəhayət, Bakıda mənə qovuşdular.

Palataya qulaqbatırıcı sükut çökdü.

Mən, həmişəki kimi, Milanın gözlərinə baxırdım. O, azacıq xırıltılı səslə:

- Fəxriyyə, söz verirəm ki, heç kim, heç zaman sənin bu sirrini bilməyəcək! Hər şey burada, öz aramızda qalacaq! – deyib, bir əlinin ovcunu öz sinəsinə, ürəyinin üstünə, o biri əlini isə mənim sinəmə qoydu.

- Elə bil, çiynimdən ağır bir yük götürüldü, - deyə Fəxriyyə pıçıldadı.

- Əhsən sənə, - Mila dedi. – Mən də düşünmədən belə edərdim. Uşaqlar müqəddəsdir. öz fəaliyyət sahəmdən bilirəm ki, hər bir uşağın həyatı onun milliyyətindən, dinindən asılı olmayaraq qiymətlidir. Uşaqlar ayrıca, “uşaq” adlanan bir milliyyətə mənsubdur.

- Hər şey yaxşı olacaq, həyat gözəldir, - mən dedim.

- Həyat davam edir, - deyə Mila cavab verdi. – bəzən çətin, bəzən ağır olsa da, sevinclə, kədərlə dolu olsa da, davam edir.

Bizim üçümüzü də xəstəxanadan eyni gündə çıxardılar. Mila bildirdi ki, biz buradan bir yerdə çıxmalıyıq, çünki kimsə başqalarından tez çıxsa, buraya qayıtmağa can atacaq, çünki bizi çox şey birləşdirir. Bu Mila çox müdrik qadın imiş!

Xəstəxananın girişində bizi Milanın ümidi, fərəhi, dayağı – bütün insanlardan bir qədər artıq sevdiyi kiçik oğlu gözləyirdi. Onun əlindəki qəfəsdə üç göyərçin vardı.

- Bax, ana, dediyin kimi, üç ağappaq və gözəl göyərçin aldım, - deyə oğlan gülümsündü.

- Alın, qızlar, ürəyinizdə arzu tutun! Sonra göyərçinləri də, arzularımızı da azadlığa buraxacağıq.

- Arzu edirəm ki, oğlun sağalsın, - deyə Mila mənə müraciət edərək, göyərçini havaya buraxdı.

- Arzu edirəm ki, xalqım daim sülh və əmin-amanlıq şəraitində yaşasın! – deyə Fəxriyyə göyərçini havaya buraxdı.

- Qoy Dünyadakı bütün qadınların həyatı parlaq, xoşbəxt məqamlarla dolu olsun! – deyə mən Milaya və Fəxriyyəyə gülümsündüm.

Əgər bir zaman dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıya yolunuz düşsə, buradakı qadınlara diqqət yetirin. çünki mənim şəhərimdə dünyanın ən gözəl qadınları, qızları, gəlinləri yaşayır.

Onların boyünün nə hündürlükdə, sosial vəsiyyətlərinin hansı səviyyədə, gözəllik meyarlarının nə dərəcədə olmasının fərqi yoxdur - əsas odur ki, onlar böyük, xeyirxah, açıq ürəyə sahibdirlər. Bu cəhət ölkənin Birinci xanımından tutmuş, çoxsaylı dövlət idarələrinin əməkdaşlarına, yaxud evdar xanımlara qədər, dünyanın bütün qadınlarını birləşdirir. Onlar Qadındır! Ən əsası da budur! 

Link to comment
Share on other sites

Çox təsirlidir. Düzünü deyim Fəxriyyənin ailəsini o dəhşətli vəziyyətdə gördüyü hissənin əvvəlini oxudum, amma sona Çatdıra bilmədim.ötürdüm o hissəni (((( Çox ağrıdıcıdır. O insanların nələr yaşadığını, nələr keÇirdiyini ancaq özləri bilir, biz oturub kompüterin qarşısında oxuyarkən bu cür hisslər keÇiririksə, onların keÇirdiklərini təsəvvür edəndə adamı dəhşət, vahimə bürüyür..Niyə axı dünyada bu cür qəddar "insanlar" var? Sevinc xanıma və Cavid bəyə də zəhmətlərinə görə təşəkkür.

Bir də hekayədən bir hissəyə öz münasibətimi bildirmək istəyərdim:

İndi düşünəcəksiniz ki, ailəsini dəfn etmiş bir insan necə yeyib-iÇə, yata bilər? Mən özüm də tez-tez bu barədə, iradə, dözüm haqqında düşünürdüm. Sanki, insanın daxilində hansısa bir güc ehtiyatı var və bu güc ehtiyatı məhz lazımi anda insan bədəninin, insan düşüncəsinin hər bir hüceyrəsinə nüfuz edir, kəm-kədərin, fiziki zəifliyin əldən saldığı insan ruhunu yenidən canlandırır.

Həqiqətən də kiminsə varlığı olmadan yaşaya bilməyəcəyini düşünürsən, lakin o anı yaşayanda özün də bilmirsən ki, buna necə dözürsən. Vaxt keÇəndən sonra dönüb arxaya baxanda həqiqətən də bir daha Allahın varlığına şübhə edənləri dinə, imana gəlməyi Çağırmaq istəyirsən. Allahın verdiyi dözümlə özün də bilmədən o acıları yaşaya bilirsən, yemək yeyə bilirsən, danışa bilirsən, ayaqda durmağı bacarırsan..

Allah bütün şəhidlərimizə, o cümlədən Sevinc xanımın balasına rəhmət etsin.

Edited by Pari***
  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Upvote
        • Like
      • 170 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Milli
      • 54 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Like
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 15 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Like
      • 9 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Haha
        • Like
      • 25 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Upvote
        • Like
      • 139 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 39 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...